Emin Məmmədov
Siyasi məsələlər, iqtisadi və sosial inkişaf sistemi ilə daha çox bağlı olan multikulturalizm anlayışı müasir incəsənətdən də yan keçməyib. Dünyanı ağuşuna almış qloballaşma prosesi bu gün bədii tendensiyaların parlaq fərdiliyini eyniləşdirmək və yaradıcı düşüncənin standartlaşmasına gətirib çıxarmaq təhlükəsi ilə üz-üzə qoyur.
1991-ci ildə yenidən müstəqilliyini bərpa edən Azərbaycan iqtisadi və sosial resursları tədricən toplamaqla öz yoluna davam edir. Respublika etnik cəhətdən heterogendir və mədəniyyəti həmişə polifonik olmuşdur. Mürəkkəb siyasi çəkişmələrə və qonşu ölkə ilə davam edən ərazi münaqişəsinə baxmayaraq, sülh və yaradıcılıq prinsipləri yalnız dövlətin siyasətində deyil, eyni zamanda humanitar əlaqələr səviyyəsində də əsas olaraq qalır. Məhz bu səbəbdən bu gün bir-birini əvəzləyən eralar, siyasi rejimlər, dini və ideoloji doktrinalar fonunda formalaşan vahid mədəni ənənə çərçivəsində zəngin müxtəliflik haqqında danışmaq imkanımız var. Azərbaycanın müasir incəsənəti bədii dilə, vizual metodlara və mövzular seçiminə şüuraltı səviyyədə təsir edən mədəni ənənələrlə sıx bağlıdır. 57-ci Venesiya Biennalesində Azərbaycanın milli pavilyonunun mövzusu təsadüfi seçilməyib. 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdi. Bir günəş altında, sülh və harmoniyada yaşamaq mədəniyyəti müasir incəsənətin müxtəlif sahələrində fəaliyyət göstərən gənc rəssamlar üçün ilham mənbəyi olub.
“Hypnotica” Vizual Performans Qrupu həm Azərbaycanda, həm də xaricdə bir sıra maraqlı video-mappinq layihələri həyata keçirib. Venesiya Biennalesində isə onlar 3 böyük layihə ilə çıxış edirlər: Birlik, Yol hərəkəti və Profil. Məlumdur ki, müasir mədəniyyət incəsənətin müxtəlif növlərinin sintezinə meyillidir. Media sənəti isə interaktiv instalyasiyaların tətbiqi ilə məlumatın sadə emalından məlumatın özünə, canlı təsvirdən yaradıcı düşüncəyə, vizual və şifahi kontekstdən mücərrədlik və kodlaşdırmaya kimi müasir dərketmənin xüsusiyyətlərini geniş şəkildə əks etdirir. Kod, ştrix və işarə - konsepsiyanı məhz bu simvollar formalaşdırır. “Hypnotica” komandası düşüncənin kodlaşdırılmasını yenilənmə qabiliyyəti və təhlil etmək bacarığı olan qeyri-maddi yaddaş konteyneri kimi tədqiq edir.
Digər rəssam Elvin Nəbizadə isə sərgi üçün “Bir günəş altında” və “Kürə” adlanan iki instalyasiya hazırlayıb. Ənənəvi musiqi alətlərinin forması və səsi fonunda aşıq əlində tutduğu və ifaçılığını ustalıqla mənimsədiyi sazı dilləndirir, müxtəlif dil və dialektlərə malik xalqların ümumi və yeganə mənəvi aləmi barədə danışır. Sənətkarın nitqini müşayiət edən musiqi Azərbaycanın ən uzaq bölgələrində səslənən harmonik melodiya ilə birləşir. Azərbaycanda yaşayan azsaylı xalqlar üçün xarakterik olan müxtəlif musiqi alətlərindən hazırlanmış digər sferik instalyasiya qeyri-adi şəkildə rasional forma yaradır. Burada kəskin künclər, görməni əngəlləyən elementlər, ümumiyyətlə, heç bir ziddiyyət yoxdur. Xalqın ruhunun bir hissəsi olan bu alətin səsi harmoniya və gözəlliklə dolu bir dünyaya həyat verir, insan ruhunun ən incə tellərinə toxunur.
Emin Məmmədov
Pavilyonun kuratoru
Prof. Dr. Martin Rot
Azərbaycanda qədim dövrlərdən bəri fərqli etnik köklərə malik insanlar birlikdə yaşayıb. Qərb və Şərq sivilizasiyalarını birləşdirən böyük bir regionda dini, fəlsəfi və siyasi nəzəriyyələrin toqquşması qaçılmazdır.
Azərbaycan müxtəlif dil və mədəni mənsubiyyəti qəbul edən, əsasən çoxmillətli və çoxdinli cəmiyyətdə harmoniya və bərabərlik içərisində birlikdə yaşayan, bəzən mürəkkəb təbii mühitdə bir-birinə dəstək olan kompleks cəmiyyətin mükəmməl nümunəsidir. Azərbaycan ərazisinə görə böyük ölkə olmasa da, onun fərqli landşaftı və zəngin təbiəti bir günəş altında ayrı-ayrı mədəniyyətlərin harmoniyasında özünü göstərir. Sülhsevər mədəni mübadilə və Şərq qonaqpərvərlik ənənələrinin qorunub saxlanılması bu ərazidə yaşayan insanların əsas prinsiplərindən biridir. Bu isə qloballaşma, etnik münaqişələr, dözümsüzlük, təcavüz və aqressiya əsrində bir möcüzədir. 57-ci Venesiya Biennalesi – Beynəlxalq İncəsənət Sərgisində Azərbaycan “Bir günəş altında. Birgə yaşamaq mədəniyyəti” adlanan milli pavilyon ilə təmsil olunur.
Sərginin məqsədi Azərbaycanın mədəni müxtəlifliyinin müasir bədii interpretasiyada əks olunmasıdır.
Sərginin kuratorları gənc rəssamlardan öz fikirlərini və azadlıqlarını fərqli mədəni cəmiyyətlərdə ifadə etməyi xahiş ediblər. Nəticədə müxtəlif materiallarla işləyən rəssamlar bəşəriyyəti birgə yaşamaq mədəniyyəti haqqında düşünməyə çağırıblar. “Hypnotica” Vizual Performans Qrupu və rəssam Elvin Nəbizadə öz əsərlərində Azərbaycanın mədəni və etnik müxtəlifliyini təsvir ediblər. Sərgi çərçivəsində rəssamlar Azərbaycanda ənənəvi analoq və müasir rəqəmsal sənətin birləşmiş elementlərini göstərmək üçün interaktiv media layihələri, video-mappinq və instalyasiyalar hazırlayıblar.
“Bir günəş altında. Birgə yaşamaq mədəniyyəti” sərgisi Azərbaycanın qədim dövrlərdən günümüzə qədər gəlib çatmış heyrətamiz və kaleydoskopik mədəniyyətini nümayiş etdirir.
Prof. Dr. Martin Rot
Pavilyonun kuratoru