BİR GÜNƏŞ ALTINDA

Birgə yaşamaq mədəniyyəti

Beynəlxalq İncəsənət Sərgisi 2017

İş günləri: 13 may – 26 noyabr, 2017-ci il
İş vaxtı: 10:00 – 18:00
İstirahət günü: Bazar ertəsi (15 may, 14 avqust,
4 sentyabr, 30 oktyabr və 20 noyabr istisna olmaqla)

Məkan: Lezze sarayı, Campo S. Stefano,
San Marco 2949, Venesiya

ÖN SÖZ

Azərbaycan 57-ci Venesiya Biennalesi – Beynəlxalq İncəsənət Sərgisində “Bir günəş altında” adlanan pavilyon ilə təmsil olunur. Tarixən birgə yaşamaq mədəniyyəti mühüm rəmzi əhəmiyyətə malik olub. Mürəkkəb geosiyasi proseslərin baş verdiyi müasir dövrdə sülhün və sabitliyin təmin edilməsi bəşəriyyətin qarşısında duran vacib məsələlərdən biridir. Bu gün dünyada cərəyan edən mənfi tendensiyaların şahidi oluruq.


Təəssüf ki, ksenofobiya, ekstermizm, dini ayrı-seçkilik və terrorizm kimi təhlükəli amillər dinc birgəyaşayış və bərabərlik prinsiplərini pozur, sivilizasiyalar və millətlər arasında ziddiyyətləri dərinləşdirir. Bu baxımdan hər bir millət beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqun təbliğinə və təşviqinə, müsbət tendensiyaların güclənməsinə səy göstərməlidir.


Dərin multikulturalizm köklərinə malik ölkə kimi Azərbaycan beynəlxalq arenada multikulturalizm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın dəstəklənməsi istiqamətində güclü səy göstərir. Azərbaycan coğrafi baxımdan Avropa və Asiya arasında, sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşir. Bu coğrafi mövqe mədəni müxtəlifliyin qorunub saxlanılmasında müstəsna rol oynamışdır. Əsrlər boyu Azərbaycanda yaşayan müxtəlif xalqlar arasında ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri mövcud olmuş, ayrı-ayrı dinlər və etiqadlar qarşılıqlı hörmət şəraitində fəaliyyət göstərmişdir.


Azərbaycan milliyətindən, dinindən və dilindən asılı olmayaraq, burada yaşayan hər kəs üçün doğma vətəndir. Bununla biz dünyaya insanların multikultural ideyalar ətrafında sıx birləşə biləcəyini göstəririk. İnanıram ki, multikulturalizmin Azərbaycan modeli ilə tanışlığa imkan verən “Bir günəş altında. Birgə yaşamaq mədəniyyəti” sərgisi xalqlar arasında tolerantlıq ənənələrinin, etimadın, dostluğun və həmrəyliyin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək.


Mehriban Əliyeva
Heydər Əliyev Fondunun prezidenti

Azərbaycanda müxtəlif xalqlar və etnik qruplar, dini konfessiyalar əsrlər boyu sülh və dostluq şəraitində yaşayırlar. Burada müxtəlif dil və mədəniyyətlərin eyni səviyyədə qəbul olunması, multikultural, çoxdinli mühitdə harmoniya və bərabərlik şəraitində yaşamaq mədəniyyəti təbliğ olunur. Sülhsevər mədəni mübadilə və Şərq qonaqpərvərlik ənənələrinin qorunub saxlanılması bu ərazidə yaşayan insanların əsas prinsiplərindən biridir. Bu isə qloballaşma, etnik münaqişələr, dözümsüzlük, təcavüz və aqressiya əsrində bir möcüzədir.


Metaforik məna daşıyan “Bir günəş altında. Birgə yaşamaq mədəniyyəti” adlı milli pavilyonda Azərbaycanın multikulturalizm ənənələri, etnik-mədəni müxtəlifliyi və tolerantlığı öz əksini tapıb. Eyni zamanda bu sərgi dünyada sabitliyin bərpa olunmasının vacibliyinə dair əhəmiyyətli mesaj verir və dövlətimizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini nümayiş etdirir.


Pavilyonun girişində “Hypnotica” Vizual Performans Qrupunun video-mappinq instalyasiyası quraşdırılıb. Bir-biri ilə birləşən 20 monitorda öz dillərində danışan etnik qrupların nümayəndələrinin müsahibələri nümayiş etdirilir. Milli azlıqların ana dilindən ibarət mətn vasitəsilə yaradılan antropomorf heykəl isə bir ölkədə yaşayan müxtəlif xalqların həmrəyliyini göstərir.


Birinci mərtəbədə mədəni müxtəliflik mövzusunda, həmçinin rəssam Elvin Nəbizadənin sərginin adını özündə əks etdirən instalyasiyası təqdim edilir. O, təxminən 50 sazı və simli musiqi alətlərini göy qurşağı şəklində göstərib. Bu isə müxtəlif milli azlıqları birləşdirən ümumi musiqi dilini simvolizə edir.


Sərgi Azərbaycanda etnik müxtəlifliyi və mədəniyyətlərarası harmoniyanı vurğulayır. Azsaylı xalqların mədəniyyətlərinin və adət-ənənələrinin qorunub saxlanılmasına göstərilən hörmət onların günümüzə qədər gəlib çıxmasına şərait yaratmışdır. Bu baxımdan Azərbaycan daxili münaqişələrdən əziyyət çəkən əksər dövlətlərə nümunə ola və düzgün istiqamət göstərə bilər.


Sərgidə video-mappinq və instalyasiya kimi interaktiv media layihələri, gənc rəssamların işləri nümayiş olunur. “Bir günəş altında. Birgə yaşamaq mədəniyyəti” Azərbaycan mədəniyyətinin çoxəsrlik ənənələrinin heyrətamiz zənginliyini üzə çıxaracaq.