Bir günəş altında

Elvin Nəbizadə öz instalyasiyasında sazın gözəlliyindən istifadə edir. Rəssam üçün saz xüsusi məna daşıyan qədim ənənəvi musiqi alətidir. Saz onun irsi, ailəsinin, atasının səsi və əlinə aldığı ilk musiqi alətidir. Rəssam sazın yaşamasını və davamlı olmasını istəyir. Bir neçə əsr əvvəl saz insanları bir araya gətirir və birləşdirirdi. Aşıqlar ölkə daxilində bir regiondan digər regiona səfər edərək musiqiləri ilə insanları öz ətraflarına toplayırdılar. E.Nəbizadənin instalyasiyası təxminən 50 sazdan ibarət qövs şəklindədir və günəşin doğuşundan qürubunadək olan yolunu təcəssüm etdirən formaya malikdir. Kompozisiyanı sazın köklənməsinin müxtəlif səsləri tamamlayır.