Birlik

Müasir mədəniyyət müxtəlif sənətlərin sintezinə meyillidir. Media sənəti isə interaktiv instalyasiyaların tətbiqi ilə məlumatın sadə emalından məlumatın özünə, canlı təsvirdən yaradıcı düşüncəyə, vizual və şifahi kontekstdən mücərrədlik və kodlaşdırmaya kimi müasir dərketmənin xüsusiyyətlərini geniş şəkildə əks etdirir. Kod, ştrix və işarə - konsepsiyanı məhz bu simvollar formalaşdırır. “Hypnotica” komandası düşüncənin kodlaşdırılmasını yenilənmə qabiliyyəti və təhlil etmək bacarığı olan qeyri-maddi yaddaş konteyneri kimi tədqiq edir.


“Birlik” eyni zamanda bir neçə elementi – kosmik memarlığı, video çəkilişləri, rəqəmsal üçölçülü insan heykəllərini, eləcə də layihə üçün xüsusi olaraq hazırlanmış animasiya və rəqəmsal musiqi nümunələrini özündə birləşdirir. Bir günəş altında sülh və harmoniya şəraitində yaşamaq mədəniyyəti müasir incəsənətin müxtəlif istiqamətləri üzrə çalışan gənc rəssamların ilham mənbəyi olub.


Layihə Azərbaycanda yaşayan fərqli mədəni köklərə aid real insanların mədəniyyətlərindən və mental ruhlarından bəhs edən sənədli filmə əsaslanır. 20 ekranda nümayiş olunan “Bir günəş altında” filmində etnik azlıq nümayəndələrinin həyat hekayələri, adət-ənənələri və mədəniyyətləri haqqında məlumat verilir. İdeya ondan ibarətdir ki, ekranın çərçivəsindən çıxan şifahi dil “mədəniyyət və mentalilet çayı” kimi vahid axında birləşir. Bu axın sözlərdən təşkil olunmuş simvollardır. Sözlərin axını bir heykəl üzərində proyeksiya olunaraq insan şəklini formalaşdırır. Layihə interaktiv olduğu üçün ziyarətçilər bu instalyasiyanın bir hissəsinə çevrilə bilərlər.